Bir həftə bundan öncə Tvinninq layihəsinin tarix yazdığını elan etmişdim. Belə deməyimə səbəb layihəmiz çərçivəsində ali təhsilin keyfiyyətinin qiymətləndirilməsi üzrə Avropa meyarlarının və metodlarının sınağına başlamağımız olmuşdu. Bu meyarların Azərbaycan universitetlərində uğurla tətbiq oluna bilib-bilinməyəcəyi bəlli deyildi. Lakin meyarlar üç pilot universitetdən biri seçilmiş Azərbaycan Dövlət İqtisad Universitetində uğurla sınaqdan keçirildi.
Açığı yenə tarix yazdığımızı və ya tarixin təkrarlandığını deməli olduğumu bilmirəm. Hər halda, üç pilot qiymətləndirmədən ikincisi Azərbaycan Pedoqoji Universitetində uğurla həyata keçirildi. Beynəlxalq qiymətləndirmə qrupu bu dəfə də peşəkarlardan ibarət idi və səfərə hazırlıqlı idi. Universitetin müsahibə götürülən 80-ə yaxın işçisi də hazırlıqlı idi və fəal şəkildə prosesdə iştirak edirdi. Təcrübə Avropa qiymətləndirmə metodlarının və meyarlarının Azərbaycan ali təhsilində tətbiqinin mümkünlüyünü artıq ikinci dəfə təsdiq etmiş oldu. Bundan əlavə, əks ehtimallara baxmayaraq qiymətləndirmə qrupunun tələbə üzvü özünü qrupun zəruri və dəyərli üzvü kimi nümayiş etdirdi!
Sonuncu pilot qiymətləndirmə növbəti həftə Azərbaycan Texniki Universitetində yeni tərkibli qrup (3+3, onlardan biri tələbədir) tərəfindən aparılacaq. Nəticələri səbirsizliklə gözləyirik. Onlar yerli universitetlərdə aparılmış müsahibələrə əsaslanaraq hazırlanacaq yekun tövsiyələr, eləcə də Azərbaycan ali təhsilində və akkreditasiya meyarları və metodları sahəsində gələcəkdə aparılacaq islahatlar baxımından maraqlıdır. Beləliklə, yeni yaradılmış Akkreditasiya və Nostrifikasiya İdarəsi (ANİ) yeni çağırışla yanaşı, yeni sistemin həyata keçirilməsi imkanı ilə üzləşəcək.